
16 may gülüş ustası, qəlblərdə böyük sevgi qazanmış dəyərli aktyor, Xalq artisti Arif Əli oğlu Quliyevin doğum günüdür.
Missiya.Az xəbər verir ki, sənətkar müxtəlif səpgili və xarakterli obrazlar yaradıb.
Teatr səhnəsində ifa etdiyi Şərbətəli (S.Dağlı, C.Cahangirov, "Təzə gəlin"), Salyanski (F.Əmirov, M.Əlizadə, "Gözün aydın"), Əli (M.Şamxalov, Z.Bağırov, "Qaynana"), Dursun (S.Rüstəmov, S.Rüstəmov, "Durna"), Mürsəl (S.Ələsgərov, S.Qədirzadə, "Gurultulu məhəbbət"), İbişov (Ş.Qurbanov, S.Ələsgərov, "Özümüz bilərik"), Dursunov (S.Rəhman, E.Sabitoğlu, "Hicran"), Tofiq (Ş.Axundova, N.Gəncəli, "Ev bizim, sirr bizim"), Hambal (Ü.Hacıbəyov, "Məşədi İbad"), Mirzəqulu (Hidayət, "Durnalar qayıdanda"), Səbzəli (M.Haqverdiyev, "Məhəbbət, şeytan və ağ ölüm") kimi obrazlar komediya janrında yaratdığı uğurlu rolların hələ bir qismidir.
Yaradıcılığında Azərbaycan Televiziyası da geniş yer tutur. Onun "Şans", "Bığ əhvalatı", "Qaynana", "Lift əhvalatı", "Yarım ştat", "Evləri köndələn yar" və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların rəğbətini qazanıb. "Bəyin oğurlanması", "Yaramaz", "Bəxt üzüyü", "O dünyadan salam", "Qəm pəncərəsi", "Mənim ağ şəhərim", "Alma almaya bənzər", "Ağ gəmi" bədii filmlərdəki rolları yaradıcılıq potensialının zənginliyini ifadə edir.
O, 1982-ci ildə Respublika Gənclər mükafatı, 1989-cu ildə Əməkdar artist fəxri adı, 1993-cü ildə isə "Humay" mükafatı ilə təltif olunub və həmin il Xalq artisti fəxri adına da layiq görülüb. 2006-cı ildə teatrdakı qazandığı uğurlara görə "Qızıl Dərviş", 2012-ci ildə "Zirvə" mükafatına, 2014-cü ildə sənətkar medalına layiq görülüb. Xalq artisti həm də Prezident təqaüdçüsü olub.
Arif Quliyev 7 may 2021-ci il tarixində koronavirus səbəbindən vəfat edib.
Zərintac Mayisqızı
Missiya.Az