
Müstəqil Həmkarlar Birliyi və “Ölkə” qəzeti ömrünün 45 ilini Azərbaycan mətbuatının inkişafına həsr etmiş tanınmış jurnalist, peşəkar qələm ustası, ana dilimizdə yazıb yaratmış, dilimizin qorunmasında böyük xidmətləri olan, bir çox məşhur imzaların müəllimi olmuş mərhum Qardaşəli Teyyubov adına Media Diplomu təsis edib.
Missiya.Az xəbər verir ki, bu barədə “Səs” qəzetinin redaksiyasında keçirilən mətbuat konfransında Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev məlumat verib.
Diplom Azərbaycan milli mətbuatının 150 illiyi ərəfəsində media sahəsinin inkişafında xüsusi xidmətləri olan, bu sahədə səmərəli fəaliyyət göstərən jurnalistlərə təqdim olunacaq.
Qeyd olunub ki, münsiflər heyəti tərəfindən Azərbaycan mətbuatında çalışan media mənsublarının son bir illik fəaliyyəti monitorinq ediləcək və işinə peşəkarlıqla, məsuliyyətlə və vicdanla yanaşan, məqalə və araşdırma yazılarında vətəndaş mövqeyindən çıxış edən, azərbaycançılığı, hərbi vətənpərvərliyi, ölkəmizin tarixi torpaqlar çərçivəsində bütövləşməsini, diaspor təşkilatlarının və fəallarının fəaliyyətini diqqətdə saxlayan, Azərbaycan xalqının milli mənəvi dəyərlərini təbliğ edən jurnalistlər arasından qaliblər seçiləcək.
“Qardaşəli Teyyubov” Media Diplomuna layiq görülən qələm sahiblərinə xatirə hədiyyələri də təqdim olunacaq.
Tədbir iştirakçıları Qardaşəli Teyyubovla bağlı öz xatirələrini bölüşüb, onun adına mükafat təsis olunmasını alqışladıqlarını bildiriblər.
Mərhum jurnalistin oğlu, tanınmış ictimai fəal, hüquq müdafiəçisi, “Ölkəqezeti.az” saytının rəhbəri Xəzər Teyyublu iştirakçılara və tədbirin keçirilməsinə şərait yaradan “Səs” qəzetinin rəhbərliyinə və redaksiya heyətinə təşəkkür edib.
Qeyd edək ki, Qardaşəli Teyyubov 1938-ci il 7 noyabr tarixində Şamaxı rayonunun Əngəxaran kəndində anadan olub. Bakıda Sənaye Texnikumunu bitirdikdən sonra 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub, 1967-ci ildə həmin fakültəni bitirib. Universitetə daxil olduğu ildən "Azərbaycan pioneri" qəzetinin ştatdankənar əməkdaşı olub, "Bakı", "Kommunist" qəzetlərində, "Təşviqatçı" jurnalında çalışıb, radioda ayda bir dəfə 20 dəqiqəlik verilişin aparıcısı olub. "Bakı" qəzetində görkəmli ictimai xadim, alim, jurnalist Nəsir İmanquliyevin rəhbərliyi altında çalışıb. Şamaxıda nəşr olunan "Yeni Şirvan" qəzetinə mütəxəssis kimi dəvət olunub, sonradan həmin qəzetdə məsul katibin müavini vəzifəsində çalışıb.
Qardaşəli Teyyubov 1975-ci ildən 1991-ci ilə qədər 10.000 tirajla çıxan "Texniki tərəqqi uğrunda" qəzetinin baş redaktoru işləyib. 1991-ci ildən ömrünün sonuna qədər Həmkarlar İttifaqının orqanı olan "Ülfət" qəzetinin qurucusu və şöbə müdiri vəzifəsində çalışıb.
1986-cı ildə SSRİ Jurnalistlər İttifaqının üzvü seçilib. 2005-ci ilinin 19 iyul tarixində Milli Mətbuat Günü ilə bağlı əlaqədar Azərbaycan Həmkarlar İttifaqlarının mətbuat orqanlarında səmərəli yaradıcılığına görə "Fəxri Fərman'la təltif edilib. "Qızıl Qələm" mükafatı laureatıdır.
Q.Teyyubov 2012-ci il 27 noyabr vəfat edib və doğulduğu Şamaxı rayonu Əngəxaran kəndində torpağa tapşırılıb.
Zərintac Mayisqızı
Missiya.Az
