
Milli Məclisin plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü il üzrə illik məlumatı təqdim edilib.
Missiya.Az xəbər verir ki, təqdimatı Daxili İşlər Nazirinin birinci müavini Seyfulla Əzimov edib.
Qeyd olunub ki, hesabat “İnsan alverinə qarşı mübarizə haqqında” qanunun 7.5-ci maddəsinin icrasının təmin edilməsi məqsədilə Baş Prokurorluğunun, Ombudsman Aparatının, Vəkillər Kollegiyasının, beynəlxalq təsisatların, 20 qeyri-hökumət təşkilatının, 32 mərkəzi və 69 yerli icra hakimiyyəti orqanının, eləcə də Daxili İşlər Nazirliyinin aparatının struktur qurumlarının və ərazi polis orqanlarının məlumatları, o cümlədən xüsusi polis qurumunun apardığı monitorinq və təhlillər əsasında hazırlanıb.
Həmçinin bildirilib ki, aidiyyəti dövlət orqanları, vətəndaş cəmiyyəti institutları və beynəlxalq tərəfdaşlarla birgə görülən tədbirlərlə müvafiq sahədə əməliyyat şəraitinə davamlı nəzarət, risk qrupuna aid şəxslərin sözügedən cinayətlərdən müdafiəsi təmin olunub, qurbanlar fiziki, psixoloji və sosial reabilitasiya tədbirləri ilə tam əhatə edilib.
Hesabata görə, ötən il Azərbaycan vətəndaşları ilə bağlı insan alveri və məcburi əməklə bağlı olan cinayət işləri üzrə 91 insan alveri qurbanı (90-ı qadın, 1-i kişi) müəyyən edilib.
2024-cü ildə 206 insan alveri cinayəti qeydə alınıb. Həmin faktlar üzrə 15 cinayət işi başlanılaraq 16 şəxs (13 qadın, 3 kişi) təqsirləndirilən qismində cəlb edilib.
Hazırda insan alveri cinayəti törətməkdə təqsirləndirilən 11 nəfərin İnterpol kanalları ilə beynəlxalq axtarışı davam etdirilir.
İnsan alveri və məcburi əmək qurbanlarının aşkarlanması məqsədilə keçirilmiş tədbirlər zamanı isə – 4 miqrasiya kanalı müəyyən olunaraq, 15 əcnəbi saxlanılıb.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin vətəndaş müraciətləri əsasında apardığı yoxlamalarla isə 676 şəxsin əmək müqaviləsi olmadan işləməsi müəyyən edilərək işəgötürənlər ümumilikdə 2 milyon 643 min manat məbləğdə, habelə 7 fakt üzrə işçini əmək funksiyasına aid olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etməyə görə aidiyyəti vəzifəli şəxslər 8 min manat məbləğdə cərimələnib.
2024-cü ildə doğumu dövlət qeydiyyatından kənarda qalmış 23 uşağın doğumu qeydə alınıb.
2024-cü ildə Kipr və Qvatemalada üç Azərbaycan vətəndaşı insan alverində təqsirləndirilərək həbs edilib. Azərbaycana readmissiya edilən şəxslərdən birinin Yunanıstanda insan alverinin qurbanı olduğu müəyyənləşib
İllik məlumat müzakirələrdən sonra qəbul edilib.